Azərbaycan XİN müxalifətin oktyabrın 19-da Bakının mərkəzində qanunsuz mitinqinə dair Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç tərəfindən rəsmi Bakının ünvanına səsləndirdiyi ittihamları əsassız hesab edir.
“Oktyabrın 19-da bir qrup şəxsin mitinq keçirmək müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən bu mitinqin keçirilməsi üçün Bakı şəhərində digər ərazi müəyyən edilmişdir. Mitinq müraciəti edən şəxslər qəsdən toqquşma yaratmaq məqsədilə şəhərin mərkəzi küçələrinə axışmağa cəhd etmişlər və hüquq mühafizə orqanları bu qanunsuz aksiyanın qarşısını almağa məcbur olmuşdur”, - XİN-in mətbuat katibi Leyla Abdullayevanın şərhlərində qeyd olunur.
Onun sözlərinə görə, aksiyada heç kim ciddi xəsarət almayıb. “Aksiyada iştirak edənlərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılmışdır, digər şəxslərlə bağlı isə işlərinə müvafiq qaydada baxılıb qərar qəbul ediləcək", - deyə o qeyd edib.
Abdullayeva hesab edir ki, bəzi təşkilatlar məsələnin mahiyyətinə varmadan, müvafiq rəsmi qurumların mövqeyini öyrənmədən tələsik şəkildə əsassız bəyanatlarla çıxış etməsi hər hansı bir şəkildə faydalı adlandırıla bilməz, əksinə Azərbaycana münasibətdə ikili standartların tətbiq edilməsi kimi qiymətləndirilməlidir. “Komissarın bəzi Avropa ölkələrində nümayişçilərə qarşı rezin güllələrdən və həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirməsi yaxşı olardı”, - o vurğulayıb.
Abdulayeva əlavə edib ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları təmin olunur. **
A.Əzizov