Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Yaşıl planet” beynəlxalq tələbə məktəbi fəaliyyətə başlayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərlə görüşdə bildirib ki, “Yaşıl planet” ekoloji layihəsində 9 ölkədən gənclər iştirak edəcəklər.
“Çoxlu sayda tələbə, gənc ekoloqlar, müxtəlif gənclər təşkilatlarının nümayəndələri Bakıya gəliblər. Layihə çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilmiş ekoloji layihələr haqqında fikir və təcrübə mübadiləsi aparılacaq”, - deyə o bildirib.
Nazir müavini vurğulayıb ki, azərbaycanlı mütəxəssislər ölkədə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən layihələr barədə danışmaq niyyətindədirlər. “Hesab edirik ki, bu layihə gələcək əməkdaşlıq üçün iştirakçılar arasında münasibətlərə müsbət təsir göstərəcək”, - deyə İ.Babayev qeyd edib.
MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin dəstəyi ilə 20-26 oktyabr tarixlərində həyata keçirilən layihə çərçivəsində MDB və Baltikyanı ölkələrdən olan gənclər ictimaiyyətin diqqətini ətraf mühit problemlərinə cəlb etmək, bu sahədə bilik, bacarıq və təcrübə mübadiləsi aparmaq və təlim keçmək məqsədilə Azərbaycanda toplaşıblar.*
X.Nəsirzadə