Baku City Circuit (BCC) Əməliyyat Şirkəti 5-7 iyun 2020-ci il tarixlərində Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına start verildiyini elan edib.
“Bu gündən etibarən bilet satışına start verilib. Biletləri şəhərin kassalarında və BCC-nin Park Bulvardakı satış məntəqələrində, eləcə də şirkətin www.bakucitycircuit.com» rəsmi saytında əldə etmək mümkündür”, - deyə BCC Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu gün mətbuat konfransında bildirib.
2020-ci il yanvarın 15-dək davam edəcək endirim kampaniyasında 4 günlük biletlər 20% endirimlə təklif edilir.
BCC Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim isə əlavə edib ki, yerli tamaşaçılara (Azərbaycan vətəndaşları və ölkə ərazisində yaşayan xarici vətəndaşlara) əlavə 25 %-lik endirim təqdim olunacaq.
Yarışı izləmək istəyən azarkeşlər üçün təklif olunan dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Ayaqüstü zona üçün olan birgünlük biletlərin qiymətləri isə 110-190 manat aralığındadır.
“Siz 3 gün davam edəcək yarışlarla yanaşı, həmin günlərərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin iyunun 4-dəkeçiriləcək Pit Yolu yürüşündə iştirak edə biləcəksiniz”, - deyə o vurğulayıb.
B.Özerdim qeyd edib ki, Azərbaycan Qran Prisinin özəlliyi ondan ibarətdir ki, Bakı trekinin mürəkkəbliyi hər il yeni bir qalibi üzə çıxarır. Bu isə həm tamaşaçılar, həm də Bakıya gələn turistlər və yarışçılar tərəfindən böyük marağa səbəb olur.
“2019-cu ildə Azərbaycan Qran-prisini 74 ölkədən qonaqlar daxil olmaqla 85 min nəfər izləyib. Böyük Britaniyadan olan qonaqların sayının artım dinamikası 13% təşkil edib. Bütün dünya üzrə televiziya tamaşaçılarının sayı 10% artıb və bu il yarışları 90,2 mln. nəfərdən çox insan izləyib. 2020-ci ildə baş tutacaq yarışlarda bu göstəricilərin artacağını gözləyirik”, - deyə N.Arpadarai qeyd edib.*
X.Nəsirzadə