Azərbaycan prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərman çərşənbə axşamı dövlət başçısının saytında dərc olunub.
Sənəd Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional idarəsi yaradılmasını nəzərdə tutur.
Nazirlər Kabinetinə yaradılan regional idarələrin ərazi mənsubiyyətini müəyyən etmək tapşırılıb.
Yaradılan regional idarələrin işçilərinin say həddi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçisi ştat vahidlərinin optimallaşdırılması hesabına müəyyən olunacaq. **
F.İsazadə