Prezident İlham Əliyev bu gün dövlət tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamlar dövlət başçısının saytında dərc olunub.
Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.
Bundan başqa, Mədəniyyət Nazirliyinə “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etmək tapşırılıb.
Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətlərinə “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını birlikdə müəyyənləşdirib təsdiq etmək tapşırılıb.
Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyətinə “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını birlikdə müəyyənləşdirib təsdiq etmək tapşırılıb.
Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyətinə “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını birlikdə müəyyənləşdirib təsdiq etmək tapşırılıb.
Nazirlər Kabinetinə “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirmək tapşırılıb.*
X.Nəsirzadə