Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı baş nazirin müavini Şahin Mustafayev ilə görüş zamanı iqtisadiyyatda müəyyən problemlərin mövcud olması, onların aradan qaldırılması məqsədilə biznes mühitin yaxşılaşdırılmasının zəruriliyini qeyd edib.
“Azərbaycan iqtisadiyyatı son 15 il ərzində üç dəfədən çox artıb. Ancaq biz onu da bilməliyik ki, bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olubdur. Əlbəttə, biz neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində çox böyük uğurlar əldə etdik. Ancaq hesab edirəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik”, - dövlət başçısının saytında Əliyevin sözlərindən sitat gətirilir.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi neft-qaz sektoruna qoyulan sərmayədir. “İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki bir çox işlər görülməlidir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar”, - dövlət başçısı qeyd edib.
Əliyev əlavə edib ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. “Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bu vəzifəni mən doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirdim. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır”, - prezident vurğulayıb.
Bundan başqa, dövlət başçısı kölgə iqtisadiyyatı, inhisarçılıq, həmçinin bir sıra məmurların iştirakı ilə haqsız rəqabətə qarşı mübarizəni prioritet vəzifələrdən hesab edir. “Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”, - Əliyev bildirib. **
A.Əzizov