Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracının artımı üçün ciddi addımlar atmağı tapşırıb.
“Bu gün ölkə iqtisadiyyatının 85%-i özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5% artıb, kənd təsərrüfatı 7%-dən çox artıb, qeyri-neft sənayesi 15%-dən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir”, - Əliyev çərşənbə axşamı baş nazirin müavini Şahin Mustafayevlə görüş zamanı bildirib.
Prezidentin sözlərinə görə, mütləq rəqəmlər artır (10%-dən bir qədər çox - İF), amma faiz nisbəti artmır. “Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir. Hesab edirəm ki, baş nazirin müavini kimi siz bu işlərə ciddi fikir verəcəksiniz, müvafiq qurumlar arasındakı koordinasiyanı təmin edəcəksiniz”, - o əlavə edib.
Həmçinin, Əliyev Mustafayevə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını daim diqqətdə saxlamağı tapşırıb.
“Mən ümid edirəm ki, siz etimadımı doğruldacaqsınız. Yəni, sizin iş təcrübəniz bunu deməyə əsas verir. Siz Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini çox yaxşı bilirsiniz. Sizdən fəal iş və ciddi nəticə gözləyirəm”, - prezident bəyan edib.
Prezident Əliyev çərşənbə axşamı Mustafayevin iqtisadiyyat naziri vəzifəsindən azad edilməsi və baş nazirin müavini vəzifəsinə təyin olunması haqqında sərəncamlar imzalayıb. **
A.Əzizov