Venesuela bu gün “təcavüzün qurbanı”dır. Bunu Venesuelanın xarici işlər naziri Xorxe Arreas deyib.
“Bu gün Venesuela təcavüzün qurbanı olub. Qərb gücündən istifadə edərək və qanunları tapdalayaraq bir sıra ölkələrdə vəziyyəti dəyişdirmək üçün onları sanksiyalarla boğmağa çalışır, müdaxilə üçün şərait yaratmaq məqsədilə insanları yoxsul hala salır”, - deyə o, bu gün Bakıda Qoşulmama Hərəkatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasında bildirib.
XİN başçısının sözlərinə görə, hazırda dünyada ciddi böhran müşahidə edilir, çoxqütblülük təhlükə altındadır. “Bəzi Qərb ölkələri KİV vasitəsi ilə digər ölkələrin daxili işlərinə qarışmağa, siyasətlərini dəyişdirməyə, ehtiyatlarını əllərindən almağa, rejimi dəyişdirməyə çalışır. Qoşulmama Hərəkatı Venesuelanı dəstəklədi və ölkə xalqı buna görə ona minnətdardır. Biz təşkilat daxilində daha sıx əməkdaşlıq etməliyik. Yalnız birlikdə irəliyə doğru hərəkət etməklə gələcəkdə firavanlığa, təhlükəsizliyə və yeni dünya nizamına nail ola bilərik", – deyə X.Arreas qeyd edib.
O hesab edir ki, dünyada çoxqütblülüyü və sabitliyi dəstəkləmək lazımdır. "Ölkələr beynəlxalq hüququn işləməsi üçün beynəlxalq qurumlar vasitəsilə də qarşılıqlı fəaliyyət göstərməlidir", – deyə venesuelalı nazir əlavə edib.*
F.İsazadə