SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkmənistanda “SOCAR Trading”in nümayəndəliyinin açılmasını təklif edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Son iki ildə Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yeni impuls qazanıb. SOCAR-ın Xəzər hövzəsində və onun xaricində malik olduğu müasir sənaye kompleksləri, infrastruktur və qlobal ticarət şəbəkəsinə malik olması Türkmənistanın neft və qaz subyektləri ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini gündəmə gətirib”, - deyə o, Aşqabadda keçirilən “Türkmənistan Neft və Qaz - 2019” sərgi və konfransında çıxışı zamanı bildirib.
R.Abdullayev Türkmənistanla əməkdaşlığın yeni səviyyəyə gətirilməsi məqsədilə bu ölkədə “SOCAR Trading”in nümayəndəliyinin açılmasını təklif edib.
“SOCAR Trading SA” 2007-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Şirkət beynəlxalq bazarlarda neft və qaz satışı üzrə əməliyyatlar həyata keçirir. Hazırda şirkətin Cenevrə, Sinqapur, Dubay, London və Hyustonda ofisləri fəaliyyət göstərir. “SOCAR Trading SA” 2017-ci ildə dünya bazarında 108 mln. ton neft satıb.*
Ə.Məmmədov