Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsində yeni hərbi hissə kompleksi istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən verilən məlumata görə, Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində istifadəyə verilən kompleksin açılış mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev iştirak ediblər.
E.Quliyev dövlət sərhədinin qorunması ilə bağlı strategiyanın uğurla həyata keçirildiyini qeyd edib.
“Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addımdır. Bu istiqamətdə sərhəd infrastrukturunun yaradılması üzrə genişmiqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxribatlarına baxmayaraq, sərhəd döyüş mövqelərinin təkmilləşdirilməsi üzrə işlər həyata keçirilir. Azərbaycan sərhədçiləri işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazırdırlar”, - deyə o qeyd edib.
Məlumata görə, kompleks müasir tələblərə cavab verən zəruri avadanlıqlarla təmin edilib.
DSX rəisi, həmçinin təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyətini yoxlayıb.*
X.Nəsirzadə