Qida Təhlükəsizliyi Agentliyi (QTA) məhsul idxalına karantin icazəsinin ləğvini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə baş dövlət fitosanitar müfəttişi Xəyalə Dadaşova məlumat verib.
"Məhsul idxalına karantin icazəsinin olması bir növ maneədir və bir çox inkişaf etmiş ölkələrdə bu sənəd ləğv edilib", - deyə X.Dadaşova bildirib.
Onun sözlərinə görə, bununla da idxalçı yalnız məhsul idxalı barədə məlumat verəcək ki, bu da malların ölkəyə daxil olması vaxtını xeyli azaldacaq.
"Qanun layihəsi hazırlanıb və baxılmaq üçün sahibkarlara təqdim edilib. Layihə daha sonra parlamentə təqdim ediləcək”, - deyə müfəttiş qeyd edib.
X.Dadaşova qanun layihəsinin 2020-ci ildə qəbul oluna biləcəyini deyib.*
B.Rüstəmbəyov