2019-cu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə vergi və rüsum köçürmələrini 5,7% - 5 mlrd. 608,7 mln. manatadək artırıb.
Nazirliyin bu gün yaydığı materiallara əsasən, hesabat dövründə dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan 106,4% yerinə yetirilib.
Yanvar-sentyabr aylarında yığımların 70%-i qeyri-neft-qaz sektorunun, 30%-i neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3 mlrd. 928,8 mln. manat təşkil edib ki, bu da ötən ilin 9 ayının göstəricisindən 12,6% çoxdur, proqnoz 110,1% yerinə yetirilib.
Dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar isə 7,5% azalıb ki, bu da məhsulun pay bölgüsü haqqında sazişlər çərçivəsində neft hasilatının azalması ilə şərtlənib.
Vergilər Nazirliyinin məlumatına görə, 9 ay ərzində icbari sosial sığorta ayırmaları üzrə yığımlar 2 mlrd. 7 min manat (artım 20,6%), işsizlikdən icbari sığorta üzrə yığımlar 73,7 mln. manat (artım 40,3%) təşkil edib. Yığımlar üzrə proqnoz müvafiq olaraq 107,2% və 107,3% yerinə yetirilib.*
A.Əzizov