Azərbaycan hökuməti ölkədə istehsal edilən spirtli içkilər və tütün məmulatlarına, eləcə də energetik içkilərə tətbiq olunan aksiz vergisini 2020-ci il yanvarın 1-dən artırmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu, baxılmaq üçün Milli Məclisə təqdim edilən Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərə görə, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisinin 2 manatdan 3,2 manata (artım 60%), şampan şərabının hər litri üçün aksiz vergisinin 2,5 manatdan 2,6 manata (artım 4%), şərab və şərab materiallarının hər litri üçün aksiz vergisinin 0,1 manatdan 0,2 manata (artım 2 dəfə), pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün aksiz vergisinin 0,2 manatdan 0,5 manatadək (artım 2,5 dəfə) artırılması planlaşdırılır.
Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması təklif olunur.
Konyak və konyak materiallarının hər litri üçün aksiz vergisinin 6 manatdan 3,2 manatadək (azalma 36%) azaldılması təklif olunur.
Dəyişikliklərə əsasən, nazik siqaretlərin 1000 ədədi üçün aksiz vergisinin 20 manatdan 31 manata (artım 55%), energetik içkilərin hər litri üçün aksiz vergisinin 2 manatdan 2,1 manata (5%), spirtsiz energetik içkilərin hər litri üçün aksiz vergisinin 3 manatdan 3,1 manata (3,3%) çatdırılması nəzərdə tutulur.
Hökumətin qiymətləndirmələrinə görə, aksiz dərəcələrinin artırılması dövlət büdcəsinə daxilolmaların artmasına səbəb olacaq.
2020-ci il dövlət büdcəsinin layihəsinə əsasən, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə aksizlər üzrə daxilolmalar 749 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2019-cu ilin göstəricisindən 24,4% çoxdur. Qeyri-neft sektorundan aksizlər üzrə daxilolmalar 315 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2019-cu ilə olan proqnoz göstəricisindən 3,2 dəfə çox olacaq.*
Ə.Məmmədov