Azərbaycan prezidenti İlham Əliyev prezident kimi fəaliyyəti dövründə xaricdən təzyiqlə üzləşdiyini bəyan edib.
“Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir”, - Əliyev yeni iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir.
“Bizə də təzyiq göstərilir və mənim prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik (2003-cü ildən etibarən - İF). Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq”, - dövlət başçısı bildirib.
Əliyev əlavə edib ki, “iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır (hökumət üçün - İF)”. “Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik”, - o qeyd edib. **
F.İsazadə