Azərbaycan ardıcıl qaydada İsrail-Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüdsdə olmaqla iki dövlət modelinə əsasən həllinin tərəfdarıdır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Qardaş Fələstin xalqına sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda apardığı mübarizədə Azərbaycanın hərtərəfli dəstəyini bir daha bildirmək istərdim. Azərbaycan ardıcıl qaydada İsrail-Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüdsdə olmaqla iki dövlət modelinə əsasən həllinin tərəfdarıdır”, - deyə E.Məmmədyarov bu gün Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər Komitəsinin iclasında çıxışı zamanı bildirib.
XİN başçısı qeyd edib ki, Azərbaycan həmişə çətin günlərdə Fələstin xalqını dəstəkləyir və İslam həmrəyliyinə sadiqdir. Bu dəstəyin bariz nümunəsi kimi, 2018-ci ilin oktyabr ayında BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinə $200 min ayırmasıdır.
“Biz Azərbaycanda Fələstin xalqının əziyyətlərini yaxşı başa düşürük, çünki Azərbaycan xalqı da qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalından əziyyət çəkir”, - deyə o vurğulayıb.*
B.Rüstəmbəyov