2018-ci ilin iyun ayından etibarən TANAP ilə Azərbaycan qazının tədarükü 3 mlrd. kubmetr təşkil edib. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“İndiyədək “Şahdəniz” yatağından TANAP ilə 3 mlrd. kubmetr Azərbaycan qazı ixrac olunub”, - Şahbazov bu gün Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda bildirib.
O, həmçinin qeyd edib ki, TAP boru kəmərinin tikintisi layihəsi üzrə işlərin 90%-İ icra edilib.
Öncə “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın törəməsi, ARDNŞ) baş direktoru Zaur Qəhrəmanova istinadən məlumat verilib ki, cari il TANAP ilə 3 mlrd. kubmetr həcmində Azərbaycan qazının tədarükü nəzərdə tutulur. 2020-ci ildən etibarən TANAP ilə Azərbaycan qazının illik tədarük həcmi 6 mlrd. kubmetr təşkil edəcək.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir.
Perspektivdə boru kəmərinin ötürülmə qabiliyyəti illik 24 mlrd. kubmetr qaz, sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%. Boru kəmərinin 15 il əzrində istifadəsi ərzində TANAP-ın səhmdarlarına illik $1,45 mlrd. ümumi məbləğdə gəlir gətirəcək ki, bunun 58%-i Azərbaycanın payına düşəcək.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. İxracın illik həcmi 10 mlrd. kubmetr təşkil edəcək. Azərbaycan qazının TAP ilə Avropaya tədarükü 2020-ci ilin üçüncü rübündə gözlənilir. **
B.Rüstəmbəyov