Cənub Qaz Dəhlizi layihəsinin sonuncu komponenti olan Trans-Adriatik qaz kəmərinin (TAP) qazla doldurulması prosesinə yaxın aylarda başlanılacaq. Bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Məsələlər üzrə Baş İdarəsinin baş direktoru Səfa Uslu məlumat verib.
“Yaxın aylarda TAP kəmərinin qazla doldurulmasına başlanılacaq. 2020-ci ildə qaz kəmərinin istifadəyə verilməsi ilə Trans-Anadolu qaz kəməri (TANAP) ilə nəql edilən Azərbaycan qazının həcmi artacaq”, - deyə o, bu gün Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda bildirib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. İxracın illik həcmi 10 mlrd. kubmetr təşkil edəcək. Azərbaycan qazının TAP ilə Avropaya tədarükü 2020-ci ilin üçüncü rübündə gözlənilir.*
B.Rüstəmbəyov