Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidentiPeter Maurer təmsil etdiyi qurum tərəfindən azərbaycanlı girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması istiqamətində apardığı işlər barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məlumat verib.
E.Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində BQXK-nın prezidentiP.Maurerilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edib.
“Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda o, saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyini ön plana çəkib”, - deyə məlumatda bildirilir.
P.Maurer, öz növbəsində, BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib.
O, BQXK-nın Azərbaycanla humanitar sahədə əməkdaşlıq etməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib.*
F.İsazadə