30 sentyabr 2019-cu il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 31 mlrd. 363,3 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə bankların aktivləri 29 mlrd. 502,4 mln. manat məbləğində olub. Beləliklə, yanvar-sentyabr aylarında bankların aktivləri 6,3% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 13 mlrd. 872,1 mln. manat (yanvar-sentyabr aylarında artım 9,8% - İF) təşkil edir.
2019-cu il sentyabr ayının 30-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 mlrd. 688,5 mln. manat (artım 15,1%) təşkil edir.
Oktyabrın əvvəlinə bankların öhdəlikləri 26 mlrd. 674,8 mln. manata (artım 4,9%) bərabərdir.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 522,7 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 3 dəfə çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında bankların faiz gəlirləri 1 mlrd. 424,3 mln. manat (2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 10,6% - İF), o cümlədən verilmiş kreditlər üzrə 1 mlrd. 29 mln. manat (artım 14,4%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 510,8 mln. manat (artım 29,9%) məbləğində olub.
Yanvar-sentyabr aylarında bankların faiz xərcləri 405,2 mln. manat (azalma 8,1%), o cümlədən depozitlər üzrə 276,2 mln. manat (azalma 4,3%), qeyri-faiz xərcləri 837,5 mln. manat (artım 14,5%) təşkil edib.
Yanvar-avqust aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 642,9 mln. manat (artım 26,3%) təşkil edib. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 86,2 mln. manat (2018-ci ilin yanvar-sentyabr aylarında 313,7 mln. manat) yönəldib.
Nəticədə, 30 sentyabr 2019-cu il tarixinə bankların vergi ödənilənədək ümumi mənfəəti 578,1 mln. manat (2018-ci ilin 9 ayının göstəricisi ilə müqayisədə artım 2,9 dəfə) məbləğində qiymətləndirilir, cari ilin yanvar-sentyabr aylarında mənfəət vergisi üzrə ödənişləri 55,4 mln. manat (artım 2,2 dəfə) təşkil edib.
30 sentyabr 2019-cu il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.
Sentyabr ayının sonuna bankların 515 filialı və 129 şöbəsi var.
Azərbaycanın bank sektorunda 18,911 min nəfər (2018-ci ilin sentyabr ayının sonuna olan göstərici ilə müqayisədə artım 10,8%) çalışır.**
Ə.Məmmədov