Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci ilin I rübünün sonunadək Bakıda daha 4 DOST mərkəzi açmağı planlaşdırır. Bu barədə nazir Sahil Babayev məlumat verib.
Hazırda Bakıda 1 DOST mərkəzi (Yasamal rayonunda) fəaliyyət göstərir.
“Cari il və gələn ilin ilk rübü Bakıda daha 4 DOST mərkəzi yaradılmaqla, eyni zamanda, artıq növbəti ildən DOST mərkəzləri şəbəkəsinin respublikanın regionları üzrə genişləndirilməsinə başlanacaq”, - deyə o, nazirliyin kollegiya iclasında bildirib.
Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Binəqədi, Xəzər və Nizami rayonlarında 3 DOST mərkəzinin layihələndirilməsi işlərinə «Modus.K» MMC-ni cəlb edib.
2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində açılacaq.
DOST mərkəzlərində vətəndaşlara 126 adda sosial xidmət göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.*
A.Əzizov