Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün mətbuat konfransında bildirib.
“Son aylarda neftin qiymətinin sabitləşməsi, inflyasiya səviyyəsinin aşağı olması və sabit makroiqtisadi vəziyyət uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsini şərtləndirib”, - Rüstəmov mətbuat konfransında bildirilir.
Qərar oktyabrın 25-dən qüvvəyə minib.
Cari ildə AMB tərəfindən uçot dərəcəsi 7-ci dəfədir aşağı salınır.
Fevralın 1-də uçot dərəcəsi 9,75%-dən 9,25%-ə, martın 15-də 9,25%-dən 9%-ə, aprelin 26-da 9%-dən 8,75%-ə, iyunun 7-də 8,75%-dən 8,5%-ə, iyulun 26-da 8,5%-dən 8,25%-ə, sentyabrın 13-də 8,25%-dən 8%-ə endirilib.
Rüstəmov qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar bundan sonra inflyasiyanın faktiki və proqnozlaşdırılan səviyyəsi, həmçinin risk ssenarilərinin reallaşdırılmasından asılı olaraq qəbul ediləcək.
“İnflyasiya riskləri bir qədər azalıb, bu monetar siyasətin normallaşmasını davam etdirməyə imkan yaradır. Eyni zamanda, bir sıra daxili və xarici inflyasiya amilləri və riskləri nəzərə alaraq, pul siyasətinin antiinflyasiya xarakterini saxlamağa üstünlük veririk”, AMB-nin sədri bildirib.
Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı məsələnin müzakirə olunacağı növbəti iclası 2019-cu il dekabrın 13-də keçiriləcək.**
Ə.Məmmədov