Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Bandunq Prinsiplərinə əsaslanacaq. Bunu prezident İlham Əliyev deyib.
“Azərbaycan Qoşulmama Hərəkatında fəaliyyəti zamanı Bandunq Prinsiplərini rəhbər tutacaq. Həmin prinsiplər ölkənin xarici siyasəti ilə ust-üstə düşür”, - Əliyev cümə günü Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə bildirib.
Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
“Azərbaycan Qoşulmama Hərəkatının digər beynəlxalq təsisatlarla əməkdaşlığı üçün səy göstərəcək. BMT ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. O cümlədən, dənizə çıxışı olmayan kiçik ölkələrə xüsusi diqqət ayırmaq lazımdır”, - Əliyev əlavə edib.
Dövlət başçısı çıxışı zamanı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunub. “Qarabağ və 7 rayon – ərazilərimizin təqribən 20%-i – 25 ildən çoxdur Ermənistanın işğalı altındadır. Bu dövlət həmin ərazilərdə etnik təmizləmə həyata keçirib. Ermənilər işğal olunmuş ərazilərdə Azərbaycanın dini və mədəni abidələrini dağıdırlar və toponimləri dəyişirlər”, - Əliyev deyib.
Prezident əlavə edib ki, “Azərbaycan demokratik prinsiplər və demokratik hüquqa sadiqdir – bu, ölkənin şüurlu seçimidir”.
1955-ci ilin aprel ayında Bandunq şəhərində keçirilən Asiya və Afrika ölkələrinin Konfrans zamanı qəbul edilmiş 10 “Bandunq prinsipi” aşağıdakılardır: 1.BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək; 2.Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək; 3.Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq; 4.Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək; 5.BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək; 6.Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək; 7.Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək; 8.BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək; 9.Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək; 10.Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək. **
F.İsazadə