Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə operator) 2020-ci il üçün AÇG üzrə iş proqramının noyabrın ortalarında təsdiqlənəcəyinə ümid edir. Bunu BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“AÇG layihəsi üzrə iş proqramı noyabrın ortalarında təsdiq ediləcək. Bundan irəli gələrək biz AÇG-nin hansı platformalarının gələn il profilaktikaya dayandırıla biləcəyini deyə bilərik”, – deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
B.Aslanbəylinin sözlərinə görə, hazırda AÇG-də hasilat 6 platformadan həyata keçirilir.
O əlavə edib ki, “Qərbi Çıraq” platformasında profilaktika işləri oktyabrın 30-dan gec olmayaraq başa çatacaq və neft hasilatı bərpa olunacaq.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.*
X.Nəsirzadə, N.Abbasova