Malayziyanın baş naziri Mahathir Mohamad (Mahathir Bin Mohamad) İsrailin paytaxtının Təl-Əvivdən Qüdsə köçürülməsini beynəlxalq hüquq pozuntusu adlandırıb.
"Fələstin işğal altında qalmaqda davam edir. İsrail elan edib ki, İordan çayının Qərb sahilinin bir hissəsini ilhaq etmək niyyətindədir. Bir çox Qərb ölkələri paytaxtın (İsrailin - İF) Qüdsə köçürülməsi ideyasını dəstəklədi. Bu, beynəlxalq hüquq pozuntusudur", - deyə o, Qoşulmama Hərəkatının bu gün Bakıda keçirilən 18-ci sammitində bildirib.
Baş nazirin sözlərinə görə, Malayziya Fələstində səfirliyini açacaq. "Ancaq bilirik ki, İsrail bizə bunu etməyə imkan verməyəcək və buna görə də səfirlik İordaniyada fəaliyyət göstərəcək", - deyə o qeyd edib.
M.Mohamad əlavə edib ki, hazırda "dünya qorxu içində yaşayır" və istənilən ölkə xarici hücumla üzləşə bilər.
O, İraqın işğalı ilə bağlı vəziyyəti nümunə gətirib. "İraqda kütləvi qırğın silahının olması səbəbi ilə bu ölkəyə qoşun yeridildi. Dövlət koalisiya adlı qırğılar tərəfindən işğal edilərək dağıdıldı. Lakin kütləvi qırğın silahı tapılmadı və dövlət bərpa edilmək əvəzinə bölündü və talan edildi", - deyə baş nazir vurğulayıb.
"Terrorizm genişlənir. Dünyanın istənilən nöqtəsi hücum hədəfi ola bilər. Bu, müxtəlif qruplar tərəfindən törədilir, lakin dövlətlər də məsuliyyət daşıyır", - deyə M.Mohamad bildirib.
O əlavə edib ki, hazırda Qoşulmama Hərəkatı parçalanıb. "Əvvəllər biz bir idik, amma bu gün əlaqə kəsilib. Səbəb iqtisadi maraqlarda ola bilər və ya ölkələr hansısa embarqolardan qorxur", - deyə Malayziyanın baş naziri hesab edir.*
F.İsazadə