Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir. Bu barədə fondun məlumatında deyilir.
“2019-cu il sentyabrın sonuna olan vəziyyətə görə, ARDNF-in aktivləri $42 mlrd. 524,43 mln. təşkil edib, bunun $0,13 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə ARDNF-in investisiya portfeli $42 mlrd. 524,3 mln.-a bərabərdir.
Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda 54,7% ABŞ dolları (2018-ci ilin yekunları üzrə 54,3%), 33,8% avro (2018-ci ilin sonuna 34,4%), 4,9% funt sterlinq (2018-ci ilin sonuna 4,6%), 0,5% Avstraliya dolları (2018-ci ilin sonuna 0,6%), 0,8% türk lirəsi (2018-ci ilin sonuna 0,8%), 0,7% rus rublu (2018-ci ilin sonuna 0,7%), 0,4% Cənubi Koreya vonu (2018-ci ilin sonuna 0,5%), 1,1% Çin yuanı (2018-ci ilin sonuna 1,3%), 1,6% yapon yeni (2018-ci ilin sonuna 1,5%), 1,5% digər valyutalarda (2018-ci ilin sonuna 1,3%) yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 35,45%-i Avropa ölkələrində (2018-ci ilin sonuna 37,05%), 23,71%-i Şimali Amerika ölkələrində (2018-ci ilin sonuna 23,1%), 33,25%-i Asiya-Sakit okean regionu ölkələrində (2018-ci ilin sonuna 28,71%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 69,6%-i istiqrazlarda və pul bazarı alətlərində, 13,4%-i səhmlərdə, 5,6%-i daşınmaz əmlakda, 11,4%-i qızılda yerləşdirilib ki,bu da 100,66 tona ekvivalentdir.
2019-cu ilin yanvar-sentyabr aylarında ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Müvafiq göstərici 15,2% təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
B.Rüstəmbəyov