Azərbaycan və BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) arasında Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi proqramının satın alınması və tətbiqi üzrə İş Planı imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
İş Planını maliyyə naziri Samir Şərifov və UNCTAD-ın baş katibi Mukhisa Kituyi imzalayıblar.
“Ümumi dəyəri 545 min İsveçrə frankı ($547,5 min - İF) və icra müddəti 3 il olan layihə Asiya İnkişaf Bankı (AİB) və İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçiriləcək. Layihə çərçivəsində proqram təminatının Maliyyə Nazirliyinin daimi istifadəsinə verilməsi və nazirliyin əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi proqramının tətbiqi Azərbaycana borc məlumatlarının etibarlı saxlanılmasına, daha səmərəli şəkildə idarə edilməsinə və dövlət borcları ilə əlaqədar risklərin effektiv qiymətləndirilməsinə imkan verəcək.*
Ə.Məmmədov