Fələstinin xarici işlər naziri Riad əl-Maliki İsraili Fələstin münaqişəsinin nizamlanmasında irəliləyişin olmamasında ittiham edib.
“Fələstin problemi dünya siyasətində cazibə mərkəzi olaraq qalır. İsrail məskunlaşdırılan əraziləri genişləndirməklə və Qəzzanı işğal altında saxlamaqla strateji addım atdı. Qüds mühasirədədir, şəhərin gələcəyi təhlükə altındadır. İnsan hüquqları müntəzəm olaraq pozulur, obyektlər dağıdılır. İsrail hər şeyə qarşı müharibə aparır. Cəzasızlıq mədəniyyəti digər ölkələrə də təsir göstərir”, - deyə o, bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində aparılan debatlarda bildirib.
Nazirin sözlərinə görə, müstəmləkəçiliyə, ərazilərin ilhaq edilməsinə və repressiyalara bəraət qazandırıla bilməz.
"Biz siyasi öhdəliklərimizə əməl edirik, lakin vəziyyət qeyri-sabitdir", - deyə Fələstin XİN başçısı əlavə edib.
Əl-Maliki qeyd edib ki, Fələstinin mövcudluğu təhlükə altındadır. “Fələstin problemi hələ də ağır olaraq qalır, onun həlli üçün beynəlxalq norma və prinsiplər nəzərə alınmır. BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, İsrail iki dövlətin yaranması məsələsini təhlükəyə atan addımlar atır. İsrail məskunlaşdırma siyasətini davam etdirir. Beynəlxalq hüququn tələbləri yerinə yetirilmir ki, bu da gələcəkdə milyonlarla müsəlman, xristian və yəhudi arasında dərin uçurum yaratmaqla ciddi təhlükənin meydana gəlməsinə səbəb ola bilər.
Xarici işlər naziri Fələstin xalqının hüquqlarının əsas götürülməsini vacib sayır. “Beynəlxalq ictimaiyyət İsrailin hərəkətlərinə susur. İsrail tərəfindən Əl-Qüdsün işğalı problemin siyasi həllinə maneə yaradır. İsrailin hərəkətləri ciddi şəkildə pislənməlidir. Beynəlxalq hüquq bərpa olunmalıdır. Əks halda normal həyat haqqında danışmaq olmaz”, - deyə Əl-Maliki vurğulayıb.*
F.İsazadə