“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ilin sonuna kimi Fransanın “Alstom” şirkətindən daha 8 yük lokomotivi alacaq. Bu barədə ADY-nin mətbuat xidmətindən məlumat verilib.
““Fransanın «Alstom» şirkəti ilə imzalanmış müqavilə çərçivəsində bu ilin sonuna qədər daha 8 yük lokomotivinin tədarükü planlaşdırılıb”, - deyə məlumatda bildirilir.
ADY və “Alstom” şirkəti arasında imzalanmış müqavilə 40 ədədi yük, 10 ədədi isə sərnişin lokomotivi olmaqla 50 ədəd lokomotivin tədarükünü nəzərdə tutur.
“Bu günədək 10 ədəd sərnişin və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib”, - deyə məlumatda qeyd olunur.
“Azərbaycan Dəmir Yolları” QSC ilə “Alstom” şirkəti arasında 2014-cü il mayın 12-də imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotiv alacaq. Onlardan 40 ədədi Bakı-Tbilisi-Qars marşrutu ilə yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq.*
X.Nəsirzadə