Prezident İlham Əliyev oktyabrın 26-da Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
Görüşdə İ.Əliyev qeyd edib ki, Azərbaycan və Əfqanıstan son illər ərzində uğurlu nəticələr əldə edib. Tərəflər nəqliyyat yollarını birləşdirib.
“Biz artıq Lapis-Lazuli layihəsindən Azərbaycan vasitəsilə yükləri qəbul etmişik. Beləliklə, biz bu məsələlər üzərində işləməyə davam edəcəyik”, - deyə Azərbaycan prezidenti bildirib.
“Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə daşınan yükün həcmi artır. Hazırda Əfqanıstan, Azərbaycan və Avropa arasında fiziki bağlantı var”, - deyə İ.Əliyev əlavə edib.
Dövlət başçısı Əfqanıstanda sülhməramlı inkişafın dəstəklənməsinin vacibliyi məsələsinə də toxunub.
“İkitərəfli əlaqələrdə, siyasi təmasların gücləndirilməsində çox böyük irəliləyişə nail olmuşuq. Biz Əfqanıstandakı hərbçilərimizin sayını artırmışıq. Sizin ölkənizdə təhlükəsizlik, sabitlik və tərəqqi bizim üçün böyük əhəmiyyət kəsb edir”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident Ə.Qani görülən işlərin nəticəsindən razı qaldığını diqqətə çatdırıb. O, Lazuli dəhlizinin imkanlarının genişləndirilməsində maraqlı olduğunu deyib.
“Biz Lapis-Lazuli dəhlizinin genişləndirilməsi üçün ciddi bir proqram hazırlamışıq və Bakının bir daha mərkəzi qovşaq kimi burada bizə xidmət etməsi bizim üçün böyük maraq kəsb edir”, - deyə Ə.Qani vurğulayıb.
O qeyd edib ki, oktyabrda Bakıda əfqan məhsullarının ilk sərgisi keçirilib. "Biz Ticarət Nazirliyi ilə daha yaxından əməkdaşlıq etmək istəyirik ki, bazar təhlili aparılsın və bizim komanda bazar təhlili üzərində çalışa bilsin. Bu potensial sahələrdən biri tikinti materiallarıdır", - deyə Əfqanıstan prezidenti bildirib.
2017-ci ilin noyabr ayında Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sözügedən ölkələri birləşdirən Lapis-Lazuli marşrutunun yaradılmasına dair saziş imzalanıb. Saziş tranzit logistikasının və gömrük prosedurlarının sadələşdirilməsinə yönəldilib.*
X.Nəsirzadə