Azərbaycanın yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov fəaliyyətinin əsas prioritetləri barədə söz açıb.
“Hədəflərimiz aydındır: iqtisadi inkişafın sürətləndirilməsi, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi. Yaxın həftələrdə bu hədəflərə çatmaq məqsədilə proqram hazırlayacağıq”, - Cabbarov bazar günü AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda bu hədəflərə çatmaq üçün əlverişli şərait var. “Bu, cari makroiqtisadi göstəricilərə aiddir, xarici borcumuzun səviyyəsi aşağıdır, kölgə iqtisadiyyatı ilə mübarizədə, ümumilikdə iqtisadiyyatın təmizə çıxarılmasında nailiyyətlər var. Maliyyə sektorunda da müsbət tendensiyalar mövcuddur”, - nazir qeyd edir.
Eyni zamanda, nazir iqtisadiyyatda Azərbaycan prezidentinin qeyd etdiyi müəyyən çatışmazlıqların oduğunu qeyd edib. “Bu səbəbdən, iqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisə və iş yerlərinin yaradılmasına təkan vermək lazımdır”, - o əlavə edib.
Cabbarov bildirib ki, bu hədəfləri nəzərə alaraq vergi siyasəti iqtisadi imkanların genişləndirilməsi, rəqabətin inkişafına yönəldiləcək. “Bu, öz növbəsində, iqtisadiyyatın artımı, vergi bazasının genişləndirilməsi, vergi daxilolmaların artımına gətirəcək”, - o vurğulayıb.
Cabbarov əlavə edib ki, həmçinin nazirlik qarşısnda antiinhisar orqanının fəaliyyətinin və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi vəzifəsi durur.
O cümlədən, Cabbarov sahibkarlara dostluq təklif edib. “Dostluq qarşılıqlı olmalıdır. Bizim borcumuz – sahibkarların problemləri meydana gəldiyində onları dinləmək, həmin problemləri həll etməkdir. Öz tərəfindən biznes şəffaf fəaliyyəti, fəaliyyətin genişləndirilməsini, vergilərin ödənilməsini təmin etməlidir. Vəssalam”, - iqtisadiyyat naziri bildirib. **