Azərbaycan və ABŞ-ın müdafiə nazirləri Zakir Həsənov və Mark Esper Bakı ilə Vaşinqton arasında ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
“Nazirlər Azərbaycan ilə ABŞ arasında ikitərəfli və NATO çərçivəsində hərbi əlaqələrin inkişaf perspektivlərini, o cümlədən hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Görüşdə, həmçinin sülhməramlılarımızın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı barədə ətraflı fikir mübadiləsi aparılıb.
“Görüş NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilmiş toplantısı çərçivəsində ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov