Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş planlaşdırılmır, yaxın aylarda nazirlər səviyyəsində görüşün keçirilməsi gözlənilir. Bu barədə bu gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan məlumat verib.
"İki ölkə liderləri səviyyəsində görüş hələ planlaşdırılmır. Görüşlərin xarici işlər nazirləri səviyyəsində davam etdirilməsi planlaşdırılır. Növbəti görüş yaxın aylarda keçiriləcək. Biz əsas diqqəti görüşlərimizi davam etdirməyə yönəltmişik. Bu, dövlət başçıları səviyyəsində görüşə hazırlıq üçün əsasdır", – deyə Z.Mnatsakanyan Yerevanda Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxariyeva ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüşlərin gündəliyinə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, son zamanlar əldə edilmiş və reallaşdırılmalı olan razılaşmalar və konkret addımlarla bağlı məsələlər daxildir.
"Ümid edirəm ki, tezliklə razılaşmaların həyata keçirilməsi istiqamətində addımlar ata biləcəyik", - deyə erməni nazir bildirib.