Törəmə investisiya şirkətinin yaradılması Azərbaycan Beynəlxalq Bankına (ABB) yüksək gəlirli müştərilərə, o cümlədən korporativ müştərilərə alternativ investisiya məhsullarını təqdim etmək imkanı yaradacaq. Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
“İnvestisiya şirkətinin yaradılması yeni strategiyamızda (2022-ci ilə kimi – İF) nəzərdə tutulub. Bu, Azərbaycan Beynəlxalq Bankı üçün əlavə dəyər yarada biləcək yeni və innovativ biznes ideyalarının reallaşdırılması niyyətindən irəli gəlir. Strategiyaya uyğun olaraq yüksək gəlirli müştərilərə, o cümlədən korporativ müştərilərə alternativ investisiya məhsullarını təqdim etmək üçün bank tərəfindən investisiya şirkəti yaradılacaq və platforma qurulacaq. Düşünürük ki, belə bir şirkətin uğurla fəaliyyət göstərə bilməsi üçün Azərbaycan bazarında çox böyük potensial var”, - deyə o, bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Sədrin sözlərinə görə, ABB əsas diqqəti kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsinə yönəltməyi planlaşdırır.
O əlavə edib ki, 2018-ci il oktyabrın 1-dən 2019-cu il sentyabrın 30-dək bankın kredit portfelində 551 mln. manat artım qeydə alınıb. Bunun 376 mln. manatı iri korporativ müştərilərə, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərlə bağlı artımdır.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4%-dir. Ümumilikdə dövlət bankın kapitalında 95,27% pay sahibidir.*
Ə.Məmmədov