Azərbaycan hökuməti 2020-2023-cü illərdə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmini 11 mlrd. 350 mln. manat səviyyəsində saxlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi materiallarda deyilir.
Hökumətin qiymətləndirmələrinə görə, transfertlərin həcminin daimi səviyyədə saxlanılması dövlət büdcəsinin ümumi gəlirlərində onların payını azaltmağa imkan verəcək.
Proqnozlara görə, 2020-ci ildə ARDNF-dən transfertlər büdcə gəlirlərinin 47%-ni, 2021-ci ildə 45,8%-ni, 2022-ci ildə 45,1%-ni, 2023-cü ildə isə 43,7%-ni təmin edəcək.
Xəbər verildiyi kimi, 2019-cu il üçün ARDNF-dən dövlət büdcəsinə transfertlər 11 mlrd. 364,3 mln. manat və ya cari il üçün bütün büdcə gəlirlərinin 49,6%-ni təşkil edəcək.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Əzizov