Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilən faşist cəlladı Qaregin Njde də vaxtilə məsələnin həll edildiyini düşünürdü. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan müdafiə nazirinin münaqişənin həlli ilə bağlı dediyi “Qarabağ məsələsi öz həllini tapıb” fikrinə münasibət bildirilməsi ilə bağlı KİV-in ünvanladığı suala cavab olaraq deyib.
“Ancaq bir məqamı vurğulamaq istərdim, Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilən faşist cəlladı Qaregin Njde də vaxtilə məsələnin həll edildiyini düşünürdü, ancaq onun aqibətinin necə olduğu hamıya bəllidir”, - deyə o bildirib.
L.Abdullayeva vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn prinsipləri tam təmin edildikdən və ədalət bərpa olunduqdan, beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinin və ərazi bütövlüyü bərpasından sonra həll olunacaq.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin iştirakı ilə uzun illərdir ki, səylərin davam etdiyi bir vaxtda işğalçı ölkənin müdafiə nazirinin belə bir fikirlə çıxış etməsi yalnız xəstə təxəyyülün məhsulu ola bilər”, - deyə mətbuat katibi qeyd edib.
“Bilirsiniz, faşizmi qəhrəmanlaşdıran, Azərbaycanın ərazilərini işğal edərək bu torpaqlarda yaşayan yerli azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirən və Xocalı soyqırımı kimi vəhşilik törədən bir ölkənin müdafiə nazirindən daha nə gözləmək olar?!”, - deyə o bildirib.*
F.İsazadə