Baş Prokurorluq çərşənbə axşamı SOCAR-ın (ARDNŞ) geoloji kəşfiyyat qayığında baş vermiş partlayışla əlaqədar cinayət işi başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) və Baş Prokurorluğun birgə bəyanatında deyilir.
“Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb”, - məlumatda deyilir.
Bildirilir ki, hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Xəbər verildiyi kimi, oktyabrın 29-u saat 13:30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.
Nəticədə şirkətin bir əməkdaşı həlak olub.
Daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıblar.
Səhiyyə Nazileiyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan”a məlumat verilib ki, hazırda xəsarət alan şəxslər Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. “Onlardan birinin vəziyyəti ağır, qalan iki nəfərin – orta ağır kimi qiymətləndirilir”, - nazirlikdən bildiriblər. **
F.İsazadə