Noyabrın 8-də Xarkovda Azərbaycan Mədəni-İnformasiya Mərkəzi açılacaq. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov şəhər administrasiyasının rəhbəri Gennadi Kerneslə görüş zamanı məlumat verib.
Ukrayna mətbuatının məlumatına görə, görüşdə turizm sahəsində əməkdaşlıq və Azərbaycan biznesinin Ukrayna iqtisadiyyatında iştirakı məsələləri müzakirə edilib.
«Turizm sahəsində ümumi maraqlarımız var, təhsil sahəsində mübadilə son dərəcə fəal şəkildə davam edir. Azərbaycanın tikinti və digər şirkətləri bütün dünyada infrastruktur layihələrinin həyata keçirilməsində böyük və uğurlu təcrübəyə malikdir. Biz həqiqi təmas nöqtələrini tapmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın vaxtlarda Ukraynada iqtisadi forum təşkil etməyi planlaşdırırıq”, - deyə səfir qeyd edib.
2018-ci ildə Xarkov və Azərbaycan arasında ticarət dövriyyəsi təxminən $16 mln. təşkil edib.
Öz növbəsində, G.Kernes Xarkovun sərmayə qoyuluşları, şəhər infrastrukturunun idarə olunması və modernləşdirilməsi sahəsində bələdiyyələrarası təcrübə mübadiləsində maraqlı olduğunu vurğulayıb.*
A.Əzizov