Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) “Qərbi Çıraq” platformasında hasilatı bərpa edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BP şirkətindən məlumat verilib.
“Platformada iş oktyabrın 29-u axşam saatlarında bərpa edilib və hazırda burada hasilat əvvəlki səviyyəyə çatdırılır”, - deyə məlumatda bildirilir.
Platformada profilaktik işlər aparılıb. Xüsusilə məşəl və idarəetmə sistemləri modernləşdirilib.
Xəbər verildiyi kimi, ABƏŞ profilaktik işlərlə əlaqədar “Qərbi Çıraq” platformasında hasilatı oktyabr ayının 15-dən 15 gün müddətinə dayandırmışdı.
Platformada hasilatın dayandırılması planlı xarakter daşıyıb və 2019-cu il proqramına daxil edilib.
2019-cu ilin birinci yarısında “Qərbi Çıraq” platformasından sutkada orta hesabla 60 min barrel neft hasil edilib.
ABƏŞ profilaktik işlərlə əlaqədar olaraq cari ilin aprel ayının 15-də “Mərkəzi Azəri” platformasında da hasilatı dayandırmışdı.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.*
B.Rüstəmbəyov