Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən 77-ci iclasında qəbul edilmiş qərarlar milli silahlı qüvvələrin və ümumi təhlükəsizliyin gücləndirilməsinə yönəldilib. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Şuranın qəbul etdiyi qərarlar silahlı qüvvələrimizin döyüş qabiliyyətinin gücləndirilməsinə xidmət edir. İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrə dair 20-dən artıq məsələyə baxılıb", - deyə o bildirib.
Xüsusilə 2025-ci ilədək əməkdaşlığın inkişaf Konsepsiyasının layihəsi təsdiq edilib.
"Bu, Birlik dövlətləri üçün hərbi tərəfdaşlığın perspektivlərini müəyyən edən, açıq xarakter daşıyan və üçüncü ölkələrə qarşı yönəlməyən proqram sənədidir", - deyə Rusiyanın müdafiə naziri qeyd edib.
Həmçinin 2025-ci ilə qədər Birləşmiş radiasiya, kimyəvi və bioloji müdafiə sisteminin inkişaf etdirilməsi planları nəzərdə tutulub, növbəti il üçün hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi yolları konkretləşdirilib, topoqrafik, metroloji və informasiya təminatı sahəsində əməkdaşlığa dair qərarlar imzalanıb”, - deyə S.Şoyqu vurğulayıb.
Bundan başqa, “Beynəlxalq Ordu Oyunları”nın nəticələri yekunlaşdırılıb, Birlik dövlətlərinin silahlı qüvvələri üçün hərbi kadr hazırlığının gedişi təhlil edilib.
"Ordularımızın qarşılıqlı əlaqəsi, döyüş imkanlarının artırılması ilə bağlı digər qərarlar da qəbul edilib", - deyə rusiyalı nazir əlavə edib.
Onun sözlərinə görə, "hərbi-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlığa start verilib.
S.Şoyqunun sözlərinə görə, 2019-cu ildəki birgə fəaliyyətin nəticələri göstərir ki, Birlik ölkələri arasında hərbi əməkdaşlıq uğurla inkişaf edir.
Gələn ilin əsas tədbiri MDB Hava Hücumundan müdafiə sisteminin "Regional Təhlükəsizlik 2020" birgə kompüter komanda-qərargah təlimi olmalıdır.*
F.İsazadə