Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sərhəd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini pozub. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidməti məlumat yayıb.
“2019-cu il 29 oktyabr tarixində axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sərhəd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub. Bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşi ilə susdurulub”, - deyə məlumatda bildirilir.
DSX qeyd edir ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir.
“Hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamətində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb”, - deyə məlumatda bildirilir.*
F.İsazadə