Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) noyabrın 2-də Lökbatan qəsəbəsində müxalif Milli Şuranın mitinqinə icazə verib. Bu barədə “İnterfaks-Azərbaycan”a BŞİH-dən məlumat verilir.
“Müxalifətin mitinqinin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib”, - meriyanın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, müxalifət Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionu və “28 may” stansiyasının yaxınlığında mitinq keçirmək istəmişdi.
“Meriya həmin əraziləri mitinqin keçirilməsi üçün məqsədəuyğun hesab etməyib. Mitinqin keçirilməsi üçün Lökbatan qəsəbəsini məqbul hesab edirik”, - o qeyd edib.
Son dəfə Bakı meriyası oktyabrın 18-də müxalifətin mitinqinə icazə verib. Bu məqsədlə Milli Şuraya Lökbatan qəsəbəsində yer təklif olunub. Lakin, həmin yer müxalifəti qane etməyib və onlar Bakının mərkəzində “28 may” stansiyasının yaxınlığında qanunsuz mitinq keçirməyə cəhd ediblər. Nəticədə, polis tərəfindən bu cəhdin qarşısı alınıb, müxalifətin 60 fəal üzvü saxlanılıb. **
F.İsazadə