2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 9,4% - 14 mlrd. 243 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 442,9 mln. manat (ilin əvvəlindən azalma 9%) və ya bütün kreditlərin 10,1%-ni təşkil edir.
Oktyabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 419,8 mln. manat (artım 15,3%) və ya bütün kreditlərin 17%-i, özəl banklar tərəfindən 11 mlrd. 452,3 mln. manat (artım 8,8%) və ya bütün kreditlərin 80,4%-i həcmində kredit verilib. Qalan 370,9 mln. manat (azalma 5,4%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2019-cu il oktyabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 9 mlrd. 375,6 mln. manat (artım 16,1%) milli valyuta, 4 mlrd. 867,4 mln. manat (azalma 1,6%) xarici valyuta ilə verilib. Cari ilin oktyabr ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 34,2% (2018-ci ilin sonuna 38%) təşkil edir.
2019-cu il sentyabrın 31-nə bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 385 mln. manat (bütün kreditlərin 16,7%-i) ticarət və xidmət sahələrinin, 52423 mln. manat (3,7%) energetika, kimya və təbii sərvətlər sektorunun, 517,2 mln. manat (3,6%) kənd təsərrüfatı və emal sahələrinin, 380,3 mln. manat (2,7%) tikinti və daşınmaz əmlak sahələrinin, 872,5 mln. manat (6,1%) sənaye və istehsal sektorunun, 1 mlrd. 167,9 mln. manat (8,2%) nəqliyyat və rabitə sahələrinin, 6 mlrd. 292,1 mln. manat (44,2%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 18,3% artıb.**
Ə.Məmmədov