Prezident İlham Əliyev Nabranda bir sıra istirahət zonalarının primitiv, xidmət səviyyəsinin isə aşağı olduğunu hesab edir.
O, bu gün Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. E.Rzayev bu postda Şəmsəddin Xanbabayevi əvəz edib.
“Xaçmaz rayonunun çox böyük turizm potensialı var və hesab edirəm ki, gələcəkdə biz bu imkanlardan daha geniş şəkildə istifadə etməliyik.Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da nadir təbii məkandır. Əlbəttə ki, orada turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hazırda bu, belə deyil”, - deyə dövlət başçısı E.Rzayevlə görüşdə bildirib.
İ.Əliyev qeyd edib ki, Xaçmaz rayonuna son səfəri zamanı oradakı turizm imkanları ilə tanış olub, bu, indiki Azərbaycanın inkişaf səviyyəsinə uyğun gəlmir. “Bir sıra istirahət zonaları çox primitivdir, xidmət səviyyəsi də çox aşağıdır. Ona görə bu məsələyə çox böyük diqqət göstərilməlidir. Dövlət xətti ilə lazımi kömək göstəriləcək. Ancaq yerli icra orqanları da bu sahəyə böyük diqqət göstərməlidirlər”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, Xaçmaz rayonunun böyük kənd təsərrüfatı potensialı vardır və orada yaradılmış Yalama aqroparkı çox böyük investisiya tutumlu layihədir.*
F.İsazadə