Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Bakıda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların nəticəsiz qalmasından təəssüfləndiyini bildirib.
“Oktyabrın 31-də Z.Həsənov T.Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Cəbhə xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə general-polkovnik Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
T.Klaar Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək bildirib ki, Avropa İttifaqı bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.*
A.Əzizov