Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyi noyabrın 2-nə Bakıda planlaşdırılan mitinqi ləğv edib. Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Facebook səhifəsində yazıb.
Xəbər verildiyi kimi, DİN və Baş Prokurorluq müxalifətə 2 noyabr tarixində Bakının mərkəzində razılaşdırılmamış mitinq keçirmək niyyəti ilə bağlı xəbərdarlıq edib.
“Milli Şura adlandırılan qurumun noyabrın 2-də mitinq keçirmək barədə müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsinin qadağan edilməsi nəzərə alınmaqla mitinq üçün “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazası təklif edilmiş, lakin təşkilatçılar həmin tarixdə yenə də metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar”, - iki strukturun birgə bəyanatında deyilir.
DİN və Baş Prokurorluq “Azərbaycan dövlətçiliyinə qarşı açıq-aşkar düşmənçilik mövqeyində duran cılız bir müxalif qrupun istənilən qanunazidd əməllərinin qarşısının qətiyyətlə alınacağı” barədə xəbərdarlıq edib. **
Ə.Məmmədov