2019-cu ilin I yarısında vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi iyunun 30-na 8,8% - 2 mlrd. 177,5 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar-iyun aylarında vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi 8,8% və ya 176,2 mln. manatadək artıb”, - deyə məlumatda bildirilir.
İyunun 30-na olan vəziyyətə görə, artıq ödəmələrin strukturunda 91,1% (1 mlrd. 983,8 mln. 760,7 min manat) qeyri-neft sektorunun, 8,9% (193,7 mln. manat) neft sektorunun payına düşüb. I yarımillikdə onların həcmi müvafiq olaraq 5,1% və 69,2% artıb.
Yanvar-iyun aylarında artıq ödəmələrin həcmində 38,4% artım dövlət sektoru üzrə vergi ödəyiciləri, 33,4% artım özəl sektor üzrə vergi ödəyiciləri, 3,5% artım xarici şirkətlər, 24,7% artım isə digər vergi ödəyiciləri tərəfindən təmin edilib.
Hökumətin məlumatına görə, 2019-cu il iyulun 1-nə dövlət büdcəsinə vergi borcları 1 mlrd. 325,9 mln. manat (I yarımillikdə artım 20,1%) məbləğində qiymətləndirilir. Bununla yanaşı, 963,4 mln. manat (artım 16,2%) əsas borcun, 156,3 mln. manat (artım 35,7%) maliyyə sanksiyalarının, 206,2 mln. manat (artım 28,6%) cərimələrin payına düşür.
Beləliklə, cari ilin iyun ayının sonuna vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödəmələrin həcmi vergi ödəyicilərinin dövlət büdcəsinə vergi borclarının həcmindən 64,2% çoxdur.*
A.Əzizov