Azərbaycan hökuməti 2020-ci il üçün dövlət büdcəsində Azərbaycan Beynəlxalq Bankından dividend alınmasını nəzərdə tutmur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
“2020-ci il üçün dövlət büdcəsi layihəsində ABB-dən dividendlər nəzərdə tutulmur”, - Palatadan qeyd ediblər.
Hesablama Palatasının məlumatına görə, Azərbaycan hökuməti 2019-cu ildə dövlət şirkətləri və dövlət banklarından 2 mln. 780 min manat məbləğində dividend ödənişin daxil olacağına ümid edir, bu da 2018-ci il üçün proqnoz göstəricidən 29,1% azdır.
2020-ci ildə “Azər-Türk Bank”dan dövlət büdcəsinə 1,5 mln. manat (azalma 26,6%), “Aqrarkredit” bank olmayan kredit təşkilatı – 180 min manat (artım 5,9%), “Azərlotereya” ASC - 1 mln. manat (azalma 41,2%) məbləğində dividend daxilolmaları nəzərdə tutulur.
Gələn il həmçinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən dövlət büdcəsinə 100 min manat məbləğində dividend ödənişi nəzərdə tutulur.
Palatanın məlumatına görə, 2019-cu ilin yanvar-avqust aylarında dövlət şirkətləri və dövlət banklarından büdcəyə 869 min manat ümumi məbləğdə dividend ödənişi həyata keçirilib. Bunun 500 min manatı - “Azərlotereya”, 225 min manatı - “Azər-Türk Bank”, 144 min manatı - “Aqrarkredit”in payına düşüb.
2018-ci ildə bu maddə üzrə dövlət büdcəsinə daxilolmalar 1 mln. 831 min manat təşkil edib. Bunun 696 min manatı “Azər-Türk Bank”, 1 mln. manatı - “Azərlotereya”, 135 min manatı - “Aqarkredit”in payına düşüb.
Xəbər verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarları 2019-cu ilin oktyabr aynda keçirilən ümumi yığıncaqda 2018-ci ilin yekunları üzrə dividendin ödənilməsinə 150 mln. manat məbləğində vəsaitin yönəldilməsi ilə bağlı qərar qəbul ediblər.
Dividendlər hər səhm üzrə 0,0326 manat təşkil edib.
Sonuncu dəfə səhmdarlara dividend bankın 2012-ci ildəki fəaliyyətinin yekunları üzrə 2013-cü ildə ödənilib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4%-dir. Ümumilikdə dövlət bankın kapitalında 95,27% pay sahibidir. ABB-nin nizamnamə kapitalı 1 mlrd. 241,287 mln. manatdır. 30 iyun 2019-cu il tarixinə bankın səhmdarlarının sayı 1,743 mindir (1,729 min fiziki və 14 hüquqi şəxs). **
Ə.Məmmədov