Noyabrın 23-də Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunun yenidənqurma işlərindən sonra açılışı olacaq.
“Pavilyonun açılışı noyabrın 23-də X Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində baş tutacaq. Forum 22-23 noyabr tarixlərində keçiriləcək”, - deyə “Roskonqres” fondundan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xəbər verildiyi kimi, forumda Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak edəcəklər.
Daha əvvəl prezident İlham Əliyev bildirmişdi ki, XTNS-də “Azərbaycan” pavilyonu 2019-cu ildə açılacaq.
14 nömrəli pavilyon (keçmiş “Azərbaycan SSR” pavilyonu) 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında inşa edilib. Pavilyonun baş fasadını Fuad Əbdürrəhmanovun işləri bəzəyirdi. Heykəltəraş-monumentalist “Çoban” heykəlini yaratdığına görə Stalin mükafatına layiq görülüb.
Pavilyon 2016-cı ildə Azərbaycana təhvil verilib.*
A.Əzizov