Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları rəsmi İrəvan tərəfindən qəsdən yubadılır. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Həsənov çərşənbə günü Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri Eqidius Navikas ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilir.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Həsənov Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini vurğulayıb.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi İrəvan tərəfindən qəsdən yubadılır”, - müdafiə naziri bildirib.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin zəruriliyi də xüsusi qeyd edilib.
Səfir Azərbaycan-Litva əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
E.Navikas Litvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, münaqişənin həlli Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir.
“Tərəflər regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər”, - nazirlik qeyd edib. **
B.Rüstəmbəyov