2018-ci ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) yataqlarından neft hasilatının maya dəyəri 2017-ci ilin göstəricisi ilə müqayisədə 5,8% və ya bir ton üçün 117,92 manatadək artıb. Bu barədə SOCAR-ın 2018-ci il ərzindəki fəaliyyətinə dair hesabatda deyilir. Hesabat şirkətin saytında dərc edilib.
2018-ci ildə SOCAR tərəfindən bir ton neft hasilatının maya dəyəri mədən vergisi nəzərə alınmadan 106,85 manat (2017-ci illə müqayisədə artım 6,42%) təşkil edib.
2017-ci illə müqayisədə 2018-ci ildə neft hasilatının maya dəyərinin artması maddi xərclərin (31,1%), əmək haqqı xərclərinin (11,7%), sosial sığorta ödənişlərinin (12,4%), nəqliyyat xərclərinin (1,4%), mühafizə xərclərinin (5,1%), mədən vergisinin (1,4%), digər vergilərin (10,1%), eləcə də sair xidmətlərin artması (22,4%) ilə şərtlənib.
Bir ton neftin maya dəyərinin strukturunda material xərclərinin payı 4%, əmək haqlarının payı 16,1%, sosial sığorta ayırmalarının payı 3,3%, amortizasiya ayırmalarının payı 16,8%, təmir xidmətləri ilə bağlı xərclərin payı 5,4%, əsas vəsaitlərə texniki xidmət xərclərinin payı 9,6%, mədən vergisinin payı 8,9%, nəqliyyat xərclərinin payı 16,5% təşkil edib.
Hesabata əsasən, 2018-ci ildə SOCAR üzrə 7 mln. 542,3 min ton neft hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur. 6 mln. 255,9 min ton neft (artım 1,4%) “Azneft” İstehsalat Birliyinin, 1 mln. 286,4 min ton neft (artım 2,3%) quru yataqlarının işlənməsi ilə məşğul olan birgə müəssisə və əməliyyat şirkətlərinin payına düşüb.*
N.Abbasova